Xülasə: “Saxaroza” mövzusunun tədrisi şagirdlərin təbiət haqqında elmi dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyətə malik olan mövzulardandır. Bu mövzunun tədrisi zamanı aydınlaşdırılır ki, karbohidratlar bitki yarpaqlarında qeyri-üzvi maddələrdən sintez edilməklə bitki və heyvan orqanizmində mühüm əhəmiyyətə malikdir. Belə ki, bu maddələrin mübadiləsi nəticəsində orqanizmdə digər üzvi maddələr əmələ gəlir. Bu mövzunun tədrisi zamanı hidroliz anlayışı geniş hadisələr dairəsində yayılır, hidrolizin pilləli xarakteri nəzərdən keçirilir və hidroliz anlayışı əsaslı olaraq inkişaf etdirilir. Saxaroza hidroliz olunduqda qlükoza və fruktozaya, maltoza-qlükoza molekuluna, laktoza-qlükoza və qalaktoza molekuluna çevrilir. Mövzunun izahı zamanı saxarozanın təbiətdə yayılma forması, tətbiqi və fiziki-kimyəvi xassəsi haqqında geniş məlumat verilmişdir. Kimyəvi xassələri izah edilərkən qlükozadan fərqli olaraq onun “gümüş-güzgü” reaksiyasını verməməsinin və mis-2-hidroksid təsirindən oksidləşməməsinin səbəbi aydınlaşdırılmışdır. Bu sahədə olan ədəbiyyatlar tədqiqat zamanı təhlil edilmişdir. Ədəbiyyat araşdırmaları zamanı müəyyən edilmişdir ki, saxaroza mühüm əhəmiyyətə malik olan qida maddəsi olduğundan onu şəkər qamışından (14-26%) və şəkər çuğundurundan (12-20%) ayırırlar. Belə ki, saxarozadan qənnadı sənayesində geniş istifadə edilir. Saxarozadan süni balı onun hidroliz reaksiyasından alırlar.
Açar sözlər: karbohidrat, polisaxarid, monosaxarid, disaxarid, saxaroza, maltoza, laktoza.



