Xülasə: Bu araşdırma proqramlaşdırma təhsilində idrak bacarıqları, motivasiya və sosial dinamikaların inteqrasiyasında psixoloji ölçmələrin rolunu təhlil edir. Tədqiqat, koqnitiv yük nəzəriyyəsi, metakoqnitiv strategiyalar və sosial konstruktivizm əsasında qurulmuş qarışıq metodologiya (kəmiyyət və keyfiyyət üsulları) ilə Gəncə Dövlət Universitetində 57 ikinci kurs tələbəsi üzərində aparılmışdır. Mental Rotasiya Testi (MRT) və Səhv Axtarışı İnventarı (DSI) kimi idrak ölçmələr, motivasiya anketləri (MSLQ) və cüt proqramlaşdırma sessiyalarının müşahidələri əsasında toplanan məlumatlar təhlil edilmişdir. Nəticələr göstərir ki, yüksək mental rotasiya bacarığı olan tələbələr alqoritmik problemləri 30% daha sürətli həll etmiş, DSI-də yüksək nəticə göstərənlər isə kod səhvlərini 25% azaltmışdır. Daxili motivasiyalı tələbələr layihələrin 92%-ni uğurla tamamlamış, cüt proqramlaşdırma isə səhvləri 50% azaldaraq kodun oxunaqlılığını 35% yaxşılaşdırmışdır. Tədqiqat idrak bacarıq- larını inkişaf etdirən modulların, daxili motivasiyanı stimullaşdıran layihələrin və sosial üsulların tədrisə inteqrasiyasının tələbə performansını əhəmiyyətli dərəcədə artırdığını təsdiqləyir. Bu nəticələr proqramlaşdırma təhsilində psixoloji alətlərin strategiyalara daxil edilməsi üçün empirik əsas təqdim edir
Açar sözlər: proqramlaşdırma təhsili, psixoloji ölçmələr, idrak bacarıqları, motivasiya, sosial dinamika



