Xülasə: Müasir dövrdə təhsil sistemində aparılan islahatlar müəllimlərin dərs prosesində interaktiv və şagirdyönümlü yanaşmalardan istifadə etməsini zəruri edir. Xüsusilə təbiət elmləri sahəsində, o cümlədən biologiya fənnində motivasiyaedici və fəallıq artırıcı metodların tətbiqi mühüm aktuallıq kəsb edir. Bu baxımdan oyun texnologiyalarının dərs prosesinə inteqrasiyası müasir təlimin əsas prioritet istiqamətlərindən biridir. Məqalədə 8-ci sinifdə biologiya dərslərində oyun texnologiyalarından istifadə etməklə şagirdlərin motivasiyası və öyrənmə nəticələrinin necə dəyişdiyi tədqiq olunur. Biologiya fənninin tədrisində oyun texnologiyalarının tətbiqinin şagird motivasiyasına və akademik nailiyyətlərinə təsirini araşdırmaqdır. Alınan nəticələr göstərmişdir ki, oyun texnologiyalarından istifadə edilən dərslərdə şagirdlərin test nəticələri əhəmiyyətli dərəcədə yüksəlmiş, motivasiya səviyyəsi və dərsə fəal iştirakı əhəmiyyətli dərəcədə artmışdır, sosial, emosional və yaradıcı bacarıqlar da inkişaf etmişdir. Tədqiqatın nəzəri əhəmiyyəti ondan ibarətdir ki, bu iş oyun texnologiyalarının pedaqoji əsaslarını və biologiya fənninə tətbiq mexanizmini elmi əsaslarla təsvir edir. Tədqiqatın praktik əhəmiyyəti isə ondan ibarətdir ki, müəllimlər üçün tətbiq oluna bilən oyun nümunələri və metodik yanaşmalar təqdim olunur, bu da tədris prosesində səmərəliliyin artırılmasına imkan yaradır. Oyun texnologiyalarının biologiya dərslərinə tətbiqi həm təlimin keyfiyyətini artırır, həm də şagirdlərdə fənnə qarşı maraq və uğur hissini gücləndirir. Bu yanaşmanın geniş yayılması təhsil mühitində interaktivliyin artmasına mühüm töhfə verə bilər.
Açar sözlər: biologiyanın tədrisi, oyun texnologiyaları, şagird motivasiyası, interaktiv təlim, 8-ci sinif, təlim strategiyaları, öyrənmə nəticələri, müasir pedaqogika, tədrisdə innovativ yanaşmalar



