Xülasə: Müasir təhsil sistemində texnologiya və internetin geniş istifadəsi şagirdlərin informasiyaları səmərəli istifadə etməsi və real həyatda problemləri həll etməsi üçün yeni öyrənmə metodlarının tətbiqini tələb edir. Bu baxımdan layihə əsaslı öyrənmə və problemyönlü öyrənmə metodları xüsusi önəm daşıyır. Hər iki yanaşma şagirdləri fəal iştirakçıya çevirir, əməkdaşlıq, tədqiqat, yaradıcı və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir, həmçinin real həyat kontekstində motivasiyanı artırır. Layihə əsaslı öyrənmə konkret məhsulun hazırlanmasına (maket, təqdimat, plakat və s.) fokuslanır, öyrənmə uzunmüddətli və çoxmərhələlidir, şagirdlər bilikləri inteqrativ şəkildə tətbiq edir və həm fərdi, həm də qrup işində məsuliyyət daşıyır. Problemyönlü öyrənmə isə prosesə, problemin dərindən anlaşılmasına və analitik düşüncənin inkişafına yönəlir, nəticə açıq qalır və şagirdin müstəqil araşdırma bacarığını gücləndirir. Tədqiqat nəticələri göstərir ki, hər iki metod şagirdlərin bilik və bacarıqlarının inkişafına, təlim motivasiyasının yüksəlməsinə və dərs prosesində aktiv iştirakına müsbət təsir göstərir. Eyni zamanda, müəllimlərin rolunun dəyişməsi – bilik ötürücü deyil, bələdçi və fasilitator rolunda çıxış etməsi – pedaqoji bacarıqların inkişafına imkan yaradır. Təhlil və müşahidələr nəticəsində məlum oldu ki, layihə əsaslı və problemyönlü öyrənmənin kombinasiyası təhsil prosesinin effektivliyini artırır və xüsusilə STEAM təhsili, ictimai layihələr və ətraf mühit mövzularında uğurla tətbiq oluna bilər
Açar sözlər: layihə əsaslı öyrənmə, problemyönlü öyrənmə, təlim strategiyaları, rubrik əsaslı qiymətləndirmə, təhsilin inkişafı



