Xülasə: Müasir təhsil sistemində şagirdlərin oxu bacarıqlarının inkişafı yalnız mətnin məzmununu anlama ilə məhdudlaşmır, həm də onun obrazlı dili və bədii təsvir vasitələrinin mənimsənilməsi ilə sıx bağlıdır. Bu tədqiqatın məqsədi oxu materiallarının obrazlı dili üzərində sistemli işin şagirdlərin mətnin dərin qatlarını qavrama, söz ehtiyatını zənginləşdirmə, məntiqi və yaradıcılıq təfəkkürünü inkişaf etdirmə, həmçinin kommunikativ bacarıqlarını artırma potensialını araşdırmaq olmuşdur. Tədqiqat metodları arasında elmi-təhlili analiz, müşahidə və sorğu, eksperimental tətbiq və müqayisəli analiz yer almışdır. Eksperimental iş müəyyən siniflərdə oxu materiallarının obrazlı dili üzərində sistemli təlim prosesini əhatə etmiş, onun şagirdlərin emosional-estetik qavrayışına və yaradıcılıq bacarıqlarına təsiri qiymətləndirilmişdir. Tədqiqat nəticələri göstərir ki, obrazlı dil elementlərinin dərindən öyrənilməsi şagirdlərin mətni yalnız süjet xətti üzrə deyil, həm də estetik və emosional qatları ilə qavrama bacarığını əhəmiyyətli dərəcədə artırır. Beləliklə, tədqiqat obrazlı dil üzərində sistemli işin şagirdlərin intellektual, emosional və estetik inkişafına müsbət təsirini sübut etmiş, təhsil prosesində bu istiqamətdə tətbiq edilə biləcək metodik tövsiyələr üçün nəzəri və praktik əsaslar təqdim etmişdir.



