Xülasə: Bu tədqiqat Naxçıvanın qədim və orta əsrlər dövründəki tarixi, mədəni, iqtisadi və sosial inkişafını araşdırmaq məqsədilə aparılmışdır. Məqalədə Naxçıvanın adının tarixi qaynaqlarda ilk dəfə necə qeyd olunması, şəhərin coğrafi mövqeyi və strateji əhəmiyyəti təhlil edilmişdir. Araşdırma zamanı İosif Flaviye, Klavdi Ptolemey, ərəb-fars tarixçiləri və repressiya qurbanı Yusif Vəzir Çəmənzəminlinin əsərləri əsas material kimi istifadə olunmuşdur. Tədqiqat göstərir ki, Naxçıvan şəhəri zaman-zaman müxtəlif dövrlərdə moğol, osmanlı və digər hərbi fəthlərin təsirinə məruz qalsa da, xalqın zəhməti və şəhərin təbii imkanları sayəsində əvvəlki görkəmini qoruyub saxlamış və abadlığını bərpa etmişdir. Məqalədə şəhərin memarlıq və mədəni xüsusiyyətləri, iqtisadi potensialı (pambıq, qara arpa, qovun-qarpız) və sosial həyatı ətraflı təsvir edilmişdir. Araşdırma həmçinin göstərir ki, Naxçıvanın tarixi inkişafı hökmdarlar və tayfaların şəhərə verdiyi önəmlə sıx bağlı olmuş, şəhərin strateji mövqeyi onun davamlı inkişafını təmin etmişdir. Mənbələrdə qeyd olunan məlumatlar Naxçıvanın yalnız coğrafi məkan deyil, həm də mədəni və sosial-mədəniyyət mərkəzi olduğunu ortaya qoyur. Nəticə etibarilə tədqiqat Naxçıvanın qədim və orta əsrlər dövründəki tarixi, mədəni və iqtisadi xüsusiyyətlərini sistemli şəkildə təqdim edir, şəhərin Azərbaycan tarixində və mədəni həyatında xüsusi əhəmiyyətini təsdiqləyir.



