Xülasə: Gürcüstanın etnik qütbləşməsi və Cənubi Osetiyanın separatçı meyilləri SSRİ-nin süqutundan sonra regionda gərginlik yaratdı. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi bölgəyə ciddi təsir etdi, bu da Türkiyənin Cənubi Qafqazdakı sabitliyi qorumaq üçün balanslı siyasət yürütməsinə səbəb oldu. Ankara Gürcüstanın ərazi bütövlüyünü dəstəkləsə də, Rusiya ilə strateji əlaqələrini nəzərə alaraq münaqişəyə birbaşa müdaxilə etmədi. Türkiyənin vasitəçilik və diplomatik həll təşəbbüsləri, eyni zamanda enerji təhlükəsizliyi maraqları bu siyasətə təsir göstərdi. Bununla yanaşı, Ankara bölgədə hərbi eskalasiyadan qaçınaraq beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərməyə üstünlük verdi. Türkiyənin bu münaqişəyə ehtiyatlı yanaşması onun həm Qərblə, həm də Rusiya ilə balans siyasətini qorumaq cəhdlərini əks etdirirdi. Bu kontekstdə, Türkiyənin Cənubi Qafqazdakı xarici siyasətini və regional güc balansındakı mövqeyini öyrənmək aktuallıq kəsb edir. Məqalənin məqsədi Türkiyənin Cənubi Osetiya münaqişəsinə münasibəti və onun regional siyasəti araşdırmaqdır. Metodlar: araşdırma zamanı müqaisəli təhlil metodundan istifadə edilmişdir. Praktik və nəzəri əhəmiyyəti: material ali təhsil müəssisələrində mühazirə və seminar dərslərində istifadə oluna bilər, tarix və siyasətlə maraqlananlar yararlana bilərlər. Nəticə: Türkiyə beynəlxlaq hüquq normalarına hörmət sərgiləyir, Cənubi Osetiya ilə heç bir siyasi, iqtisadi və ya mədəni əlaqə qurmamışdır. İkinci Qarabağ müharibəsinin başlanması Cənubi Osetiyada narahat doğurmuşdur.
Açar sözlər: Türkiyə, Gürcüstan, Cənubi Osetiya, Rusiya, Cənubi Qafqaz



