Xülasə: Batal janrı Azərbaycan təsviri incəsənətində həm tematik, həm də texniki baxımdan mürəkkəb və önəmli sahədir. Bu janr rəssamın fərdi yaradıcılıq potensialını, milli koloritini və emosional ifadə vasitələrini tabloda dramatik və vizual təsir yaratmaq üçün nümayiş etdirir. Tədqiqatın məqsədi batal janrında yaradılmış əsərlərin kompozisiya quruluşu, perspektiv tətbiqi, işıq və kölgə texnikası, kolorit və detal işlənməsi aspektlərini araşdırmaq, həmçinin bu prinsiplərin tədris metodikasında tətbiq imkanlarını müəyyən etmək olmuşdur. Araşdırmanın materialı kimi Oqtay Sadıqzadənin “Mehdi çardağda” və “Vasyanın ölümü”, eləcə də Vidadi Nərimanbəyovun “Qayıdış” və “Qələbə” əsərləri seçilmişdir. Tədqiqatda qeyri-eksperimental yanaşma tətbiq edilmiş, vizual müşahidə və təsviri analiz vasitəsilə portret və mənzərə elementlərinin yerləşdirilməsi, hərəkət və dramatik ifadənin verilməsi, eskiz üzərində mərhələli işləmə prosesi, perspektiv və qurma xətləri təhlil edilmiş, boya texnikalarının kompozisiya və koloritə təsiri qiymətləndirilmişdir. Nəticələr göstərir ki, batal janrında əsərlərin uğurlu realizasiyası yalnız texniki bacarıqla məhdudlaşmır, həm də kompozisiya, perspektiv, işıq və kölgə, kolorit və detal işlənməsinin sintezi ilə təmin olunur. Milli koloritin qorunması və rəssamın fərdi üslubu əsərlərin estetik və dramatik təsirini gücləndirir. Tədqiqat həmçinin sübut edir ki, batal janrının tədrisində mərhələli metodika tətbiq edilməli, eskizdən son tabloya qədər bütün mərhələlər diqqətlə işlənməli və rənglərin psixoloji təsiri şagirdlərə öyrədilməlidir. Ümumilikdə, batal janrı texniki bacarıq, estetik düşüncə və dramaturji qavrayış tələb edən mürəkkəb sahədir və onun tədqiqi şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirir.
Açar sözlər: batal janrı, kompozisiya, portret və rəsm



