Xülasə: Araşdırılan mövzu indiyə kimi ayrıca bir təsqiqat obyekti olmamışdır. Buna görə o aktuallıq baxımından mühüm əhəmiyyət kəsb edir. Məqalənin yazılmasında əsas məqsəd “Şərq qapısı” qəzetinin materiallarına söykənərək II Dünya müharibəsi illərində Naxçıvan ziyalılarının yaradıcılığını ətraflı şəkildə, elmi metodlarla araşdırmaqdan ibarətdir. Məqalənin metodoloji əsasını tarixi dərketmənin elmi prinsipləri-tarixilik və obyektivlik təşkil edir. Tədqiqat zamanı tarixi tədqiqatın konkret metodlarından biri olan məntiqilik metodundan da istifadə edilmişdir. Alınan nəticələrə əsasən Böyük Vətən müharibəsi gətirdiyi ağrı-acılarla bərabər, gənclərdə yazıb-yaratmaq həvəsi oyatdı, ədəbiyyata yeni poetik nəfəsi olan gənclər gətirdi. Müharibə qələbə ilə qurtardı, bu böyük tarixi hadisə xalqın sevincinə, yaradıcı gənclərin coşğun ilhamına səbəb oldu. Cəbhəyə getmiş şairlər Müzəffər Nəsirli, İslam Səfərli və başqaları vətənə qayıtdılar. Məqalənin təcrübi əhəmiyyəti onunla izah edilir ki, məqalədə istifadə olunmuş faktiki materiallardan və əldə edilmiş nəticələrdən ali məktəblərin tarix fakültələrində ixtisas kurslarının aparılmasında, ümumiləşdirilmiş əsərlərin yazılmasında, tədris və dərs vəsaitlərinin hazırlanmasında istifadə oluna bilər. Bundan əlavə Naxçıvan tarixinə dair elmi tədqiqat işlərinin aparılmasında və dərslərin tədrisində də istifadə edilməsi mümkündür.
Açar sözlər: “Şərq qapısı” qəzeti, ziyalı, Naxçıvan, II Dünya müharibəsi, vətənpərvərlik



