Xülasə: Bu məqalədə müasir təhsil texnologiyalarının elmi əsaslarla təsnifatı məsələləri araşdırılır və onların pedaqoji prosesdə rolu sistemli şəkildə təhlil olunur. Tədqiqatın məqsədi təhsil texnologiyalarını tətbiq səviyyəsinə, məzmun və məqsəd yönümlərinə, eləcə də texnoloji (instrumental) xüsusiyyətlərinə görə qruplaşdırmaq və bu təsnifatların müasir təhsil mühitində əhəmiyyətini müəyyənləşdirməkdir. Araşdırma elmi-nəzəri xarakter daşıyır və klassik pedaqoji yanaşmalarla yanaşı, rəqəmsal və innovativ təhsil texnologiyalarına dair müasir mənbələrin sistemli təhlilinə əsaslanır. Məqalədə ümumpedaqoji, fənn-metodik və lokal səviyyəli texnologiyaların xüsusiyyətləri açıqlanır, öyrədici, tərbiyəedici, inkişafetdirici və sağlamlıq qoruyucu texnologiyalar məzmun və məqsəd baxımından şərh olunur. Eyni zamanda informasiya-kommunikasiya, distant, adaptiv, süni intellekt və immersiv texnologiyaların təlim prosesinin keyfiyyətinə təsiri təhlil edilir. Təhsil texnologiyası və pedaqoji texnologiya anlayışları müqayisəli şəkildə izah olunur. Nəticədə təhsil texnologiyalarının məqsədyönlü və balanslaşdırılmış təsnifatının nəticəyönümlü, şəxsiyyətyönümlü və dayanıqlı təlim mühitinin formalaşmasına xidmət etdiyi qənaətinə gəlinir.
Açar sözlər: təhsil texnologiyaları, pedaqoji texnologiya, təhsil texnologiyalarının təsnifatı, rəqəmsal təhsil, innovativ təlim, nəticəyönümlü təhsil, şəxsiyyətyönümlü yanaşma, informasiya-kommunikasiya texnologiyaları



